Fransız antisənəti - “Charlie Hebdo”
Bakı, 14 fevral, AZƏRTAC
Türkiyədə dəhşətli zəlzələdən günlər keçir. Aylar keçəcək yaralar xeyli sarılacaq. İllər sonra artıq Kahramanmaraşda (digər 9 vilayətdə) yeni dönəm tam sabitləşmiş olacaq. Nəhayət 77 il keçəcək və qoca tarix, yeni nəsillər bu günləri vərəqləyəcək. Yanar ürəklər, xeyirxahlar ehtiramla yad ediləcək. Ancaq ədalətli insanlar namərdləri də haqq etdikləri şəkildə xatırlamış olacaq. Belə namərdlər sırasında ən öndə gələnlərdən biri fransız karikatura jurnalı “Charlie Hebdo” olacaq. Qardaş Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı abırsız paylaşım etmiş adıyaman jurnal 77 il sonra da Adıyamanda, Kahramanmaraşda lənətlə xatırlanacaq. Nəymiş, əfəndim? - “Tank göndərməyə belə ehtiyac yoxmuş”… Alçaq fransız “sənətçi”si, o yaramaz jurnalın redaksiya heyəti abrına kor ola biləcəkmi? Geniş ictimai təzyiqlə paylaşımda “redaktə” etmiş olsalar da, karikatura artıq öz yarasını açmışdır. Onu sağaltmaq üçün redaksiya tam tərkibdə zəlzələdən ziyan çəkənlərdən dərin üzr istəməli idi. Ancaq bu abırlı adamlara, adam kimi adamların kollektivlərinə xas özəllikdir. Abırsızlar isə öz abırsızlıqlarında boğulub cəhənnəmə vasil olacaqlar. Kainatın öz ruhu, nizamı, qanunauyğunluğu vardır. O nizamı bütün fransızlar, “Frankofoniya” belə dəyişə bilməz.
Bu fikirlər Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Fransız antisənəti - “Charlie Hebdo” sərlövhəli yazısında yer alıb.
O qeyd edib ki, jurnalın yayımladığı karikaturada zəlzələ bölgəsindəki dağılmış binalar əks olunmuş və paylaşımda “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur” yazılmışdı. O karikatura çəkiləndə hələ dağıntılar altda nalələr yüksəlirdi.
“Bundan öncə, Türkiyə və İslam dininə qarşı təhqiredici karikaturalar paylaşmış “Charlie Hebdo” özü və soyqırımları törətmiş vandal ölkəsi türksüz dünya görə bilməyəcək. Türksüz, Türkiyəsiz, İslamsız dünyanı yaxud Türk-İslam aləminin sıradançıxmışlığını görməyin mümkünsüzlüyünü düşünə bilməyəcək qədər bəsirətsizdirlər. Zehniyyətsiz, ağılsız, ruhsuz varlıqlar, öz hikkənizdə, öz vandallığınızda cəhənnəmə yolçuluğunuz açıqdır”, - deyə şair-publisist vurğulayıb.