SİYASƏT
Frappi Karlo: Azərbaycan doğru addımlar atır və çox düzgün mesajlar verir VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan doğru addımlar atır və çox düzgün mesajlar verir. Azərbaycanın bundan sonra da müsbət mesajlar ünvanlaması çox vacibdir. Hər iki ölkə eyni regionda yaşayır və burada davamlı sülhün bərqərar olması təkcə sizlər üçün deyil, bizim üçün də – avropalılar üçün də çox vacibdir. Düşünürəm ki, Azərbaycanın son həftələrdə atdığı addımlar və göndərdiyi müsbət mesaj budur - “Biz bir yerdə yaşaya bilərik və biz bir yerdə yaşamalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı İtaliyanın Ca 'Foscari Universitetinin professoru Frappi Karlo deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bugünkü görüş bir tədqiqatçı olaraq onun üçün çox önəmlidir. Bu, birtərəfli deyil, çox interaktiv, sual-cavab və müzakirə formatında keçirilən bir görüş oldu. Prezident İlham Əliyev beynəlxalq konfrans zamanı Ermənistan ilə Azərbaycan arasındakı münaqişə, hazırkı vəziyyət, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı fikirlərini bölüşdü. Prezident İlham Əliyev 15 ölkəni təmsil edən müxtəlif beyin mərkəzləri və politoloqların suallarını cavablandırdı. Sözsüz ki, bu, çox əhəmiyyətlidir. Fikir mübadiləsi zamanı Azərbaycan Prezidentinin verdiyi məlumatlar iştirakçılar tərəfindən nəzərə alındı və onların hər biri işlədiyi beyin mərkəzləri çərçivəsində bu məlumatları öz ölkələrinin ictimaiyyətinə çatdıracaqlar.
“Hazırda biz tarixi baxımdan çox önəmli bir zamandayıq. Müharibə artıq geridə qalıb, təkcə Azərbaycanın deyil, həmçinin regionun gələcəyi qarşıdadır. Bu baxımdan biz birgə səylər və ümumi fikirlər sayəsində gələcəyə birgə addımlamalıyıq. Bu, hər iki ölkə və region üçün çox vacibdir”, - deyə Frappi Karlo bildirib.