Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir
Bakı, 13 fevral, Gülay Nəzərova, AZƏRTAC
Bəzən sənət təsadüfdən başlayır, lakin zaman keçdikcə insanın daxili ehtiyacına çevrilir. Mənim yaradıcılıq yolum da məhz belə başladı.
Təxminən 7-8 il əvvəl eskizlər çəkməyə başladım. Sənətə olan marağım ilkin mərhələdə tarixi mövzulara, xüsusilə qədim silahlar və ornamentlərə yönəlmişdi. Araşdırmalar apardıqca bu sahə məni daha dərindən cəlb etdi və oxuduqlarım tədricən vizual ifadə formasını aldı. İlk vaxtlar kiçikölçülü işlər üzərində çalışırdım. Daha sonra isə avanqard və abstrakt üslubda işləməyə başladım.
Bunu AZƏRTAC-a müsahibəsində rəssam Fuad Nəsirov deyib.
O qeyd edib ki, yaradıcılığının əsasını iki istiqamət təşkil edir: emosiya və Azərbaycan milli motivləri.
"Bu iki xətt mənim sənət dünyamın əsas dayağıdır. Xüsusilə xalça ornamentləri, milli naxışlar və Bakı–Abşeron memarlıq elementləri əsərlərimdə abstrakt formada ifadə olunur. Şəhər motivləri, qədim memarlıq üslubu və milli rəng palitrası işlərimin əsas vizual xəttini formalaşdırır", - deyə rəssam vurğulayıb.
O diqqətə çatdırıb ki, Azərbaycanın inkişaf yolu məhz kreativ sənayelərin inkişafından keçir. Milli irsimizi qorumaqla yanaşı, ona müasir baxış gətirmək vacibdir. Ənənəvi xalça ornamentlərini yeni interpretasiyada təqdim etmək, milli musiqini və mətbəxi müasir formada dünyaya tanıtmaq həm mədəniyyətimizin təbliği, həm də iqtisadi baxımdan dayanıqlı gəlir mənbəyi deməkdir.

"Fikrimcə, 10–15 illik perspektivdə inklüziv və kreativ inkişaf modeli Azərbaycana mühüm nailiyyətlər qazandıra bilər. Hər bir insan öz sahəsində yaradıcı yanaşma nümayiş etdirdikdə həm fərdi uğur qazanır, həm də ümumi inkişaf prosesinə töhfə verir. Mən də bu yeni baxışın cəmiyyətə qazandırılması, inklüziv və yaradıcı düşüncə modelinin təşviqi istiqamətində öz töhfəmi verməyə çalışıram", - deyə F.Nəsirov diqqətə çatdırıb.
O vurğulayıb ki, Azərbaycan gəncliyi istedadlı, enerjili və yaradıcıdır. Bu potensialı düzgün istiqamətləndirmək və müasir yanaşmalarla inkişaf etdirmək əsas prioritetlərdən biri olmalıdır. Yenilikçi düşüncə tərzinin təşviqi, rəqəmsal bacarıqların artırılması və kreativ təşəbbüslərin dəstəklənməsi gənclərin həm yerli, həm də beynəlxalq mühitdə uğur qazanmasına geniş imkanlar aça bilər.