“Fulbrayt ingilis dili tədris yardımçısı” proqramı çərçivəsində görüş
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbrayt ingilis dili tədris yardımçısı” proqramı çərçivəsində ötən ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İan Dooley universitetin rektoru, professor Cəfər Cəfərovla görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən proqramların, o cümlədən “Fulbrayt” proqramının universitetdə aparılan islahatların dəstəklənməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə sentyabr ayından İan Dooleyin ingilis dili müəllimliyi ixtisası üzrə dərslərə tədris yardımçısı kimi cəlb olunduğunu, universitetin professor-müəllim və tələbə heyəti üçün danışıq klubları təşkil etdiyini, ABŞ səfirliyinin dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə həyata keçirilən layihədə fəal iştirak etdiyini diqqətə çatdırıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov İan Dooleyin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün kitabxana fəaliyyətinin daha səmərəli təşkili, “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanması” mövzusunda etdiyi təqdimatların əhəmiyyətindən danışıb.
Mütəxəssisin fəaliyyəti üçün yaradılan imkanlara görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyev Pedaqoji Universitetdə aparılan islahatları yüksək qiymətləndirib. İan Dooley ona yaradılan şərait, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib.