Futzal üzrə Yüksək Liqada 2022-2023-cü il mövsümünün püşkü atılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda 2022-2023-cü il mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə görə, Yüksək Liqada sentyabrın 26-da keçiriləcək birinci turda “Baku Fire” - “Neftçi”, U-19 - “Record” və “Araz-Naxçıvan” - “Alyans” (Lənkəran) oyunları keçiriləcək.
Oktyabrın 13-14-də keçiriləcək Birinci Liqanın ilk turunda “Baku Fire-2” “Şamaxı”, “Alyans Qrup” “STAR kargo”, VİFLY “Şuşa”, “Standard” U-17, “Dəstə Ordubad” isə ADBTİA ilə üz-üzə gələcək.
İkinci Liqaya oktyabrın 16-da start veriləcək. Birinci turda “Dalğa” - “Advokat”, “Timsport” - “Zəngilan”, “Rəvan” - “Baku Fire-3”, “Metropoliten” - “Xan-Lənkəran” və “Çinar Zəngilan” - “Flaqman” oyunları baş tutacaq.
Qeyd edək ki, Yüksək Liqada komandalar 4, Birinci və İkinci liqalarda isə 2 dövrədə mübarizə aparacaqlar. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcəklər. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.