“Füzuli” yarımstansiyası ilə tanışlıq
Füzuli, 9 iyul, AZƏRTAC
İyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşaya səfər çərçivəsində “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, xarici diplomatlara yarımstansiya haqqında məlumat verilib.
Bildirilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Yeni aeroportun və Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Vurğulanıb ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Qeyd edək ki, “Füzuli” yarımstansiyanın açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu il iyunun 14-də keçirilib.