Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB FOTO VİDEO










Füzuli, 24 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuliyə qayıdan keçmiş məcburi köçkünlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim olunub.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 470 ailə olmaqla, 1750 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
16:00
Füzuli şəhərinə növbəti köç həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr artıq işğaldan azad olunan Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 30 ailə olmaqla, 125 nəfər Füzuli sakini öz yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevinc hisslərini yaşayıblar.