G7 ölkələri Honkonqdakı vəziyyətlə əlaqədar ciddi narahatlıqlarını bildiriblər
Tokio, 18 iyun, AZƏRTAC
“Böyük yeddilik” ölkələrinin yüksək səviyyəli diplomatları Çinin Honkonqda milli təhlükəsizlik qanununun tətbiqi barədə qərarından ciddi narahatlıqlarını bildiriblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki müxbir məntəqəsinə daxil olan məlumata görə, həmin narahatlıq ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Yaponiyanın Xarici İşlər nazirlərinin və Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbərinin iyunun 17-də yaydığı birgə bəyanatda əksini tapıb.
Sənəddə bildirilir ki, Çinin həmin ərazidə hökumət əleyhinə yönələn etirazları güc yolu ilə dayandırmaq barədə qərarı Honkonqun əsas qanunu və Çin ilə Böyük Britaniya arasında 1984-cü ildə imzalanmış birgə bəyannamənin prinsipləri ilə ziddiyyət təşkil edir.
Qeyd edilir ki, həmin qanun muxtariyyətin yüksək statusunu və Honkonqun azadlığını təmin edən “Bir ölkə, iki sistem” prinsipini də pozur.
G7 ölkələrinin nazirləri Çini həmin qərara bir daha baxmağa çağırır.
Əlavə olaraq bildirilir ki, həmin qanunun təhlükəsizlik barədə maddələrinin iyunun 18-də Çin Xalq Nümayəndələri Məclisinin daimi komitəsinin gündəliyinə daxil ediləcəyi də gözlənilir.
Xatırladaq ki, mayın sonlarında ABŞ, Böyük Britaniya və daha iki ölkə yaranmış vəziyyətlə əlaqədar dərin narahatlıqlarını ifadə edən bəyanat yayıblar. Eyni zamanda, Yaponiyanın Baş Naziri Şinzo Abe iyunun əvvəllərində ölkəsinin bu məsələdə xüsusi rol oynayacağını və G7 ölkələri adından birgə bəyanatı hazırlayacağını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio