GDU-da Konstitusiya Gününə həsr olunan dəyirmi masa keçirilib
Gəncə, 13 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 12 Noyabr – Konstitusiya Gününə həsr olunan dəyirmi masa keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu, milli suverenliyin, siyasi sabitliyin və hüquqi dövlətçiliyin bərqərar olmasına zəmin yaratdı. Müstəqil respublikamızın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin hüquqi bazasını təşkil etdi və onun inkişafına güclü təkan verdi.
Dəyirmi masada universitetin Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) sədri Afaq Qasımova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlardan, Konstitusiyanın müddəalarına uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsindən və vətəndaş rifahının yüksəldilməsindən bəhs edib.
Sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Azərbaycanın Konstitusiyası və hüquq tarixi”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Konstitusiya və Suverenlik İli – Azərbaycanın hüquqi və dövlətçilik inkişafı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Konstitusiya ali qanunumuzdur”, universitetin hüquq məsləhətçisi Günay Şirinova “Müasir dövlət idarəçiliyində Konstitusiyanın rolu”, “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İsmayılova “Konstitusiyamız dövlətçiliyimizin rəmzidir” adlı məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.