CƏMİYYƏT
Gecikdirilmiş 165,6 min manat vəsaitin işçilərə ödənilməsi təmin edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bu ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.