Gələcək nəslin sağlamlığını və rifahını möhkəmləndirmək üçün yeni yanaşmalar və resurslar tətbiq edilir
Bakı, 25 dekabr, AZƏRTAC
Uşaqlar oturaq həyat tərzi, rəqəmsal texnologiyaların təsiri kimi bir sıra problemlərlə daim üzləşir. Gələcək nəslin sağlamlığını və rifahını möhkəmləndirmək üçün yeni yanaşmalar və resurslar tətbiq etməklə bu dəyişikliklərlə uyğunlaşmağı bacarmalıyıq. Bura aktiv fiziki fəaliyyət üçün şəraitin yaradılması, rəqəmsal dünyanı idarə edilməsi üçün praktiki bacarıqların formalaşdırılması məsələlərini daxil etmək gərəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin nümayəndəsi Nigar Nəzərli bu gün Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “XXI əsrdə məktəb yaşlı uşaqların sağlamlığı” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, uşaqların sağlamlığını təmin etmək sosial məsuliyyətimizin tərkib hissəsidir. Müasir cəmiyyətdə sürətli texnoloji inkişaf və həyat tərzinin dəyişməsi nəticəsində yeni yaranan çağırışlarla qarşılaşırıq.
“Hər birimiz bilirik ki, uşaqların sağlamlığı onların təhsili ilə ayrılmaz şəkildə bağlıdır. Məhz buna görə də ölkəmizdə məktəblilərin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş müasir layihələr fəal şəkildə tətbiq edilir. Təhsil müəssisələrində innovativ metodlar, sosial proqramlar tətbiq edərək həm də uşaqların psixoloji sağlamlığına diqqət yetiririk”, - deyə N.Nəzərli əlavə edib.