Gələn il Azərbaycanın iştirak edəcəyi beynəlxalq tədqiqatlar
Bakı, 25 dekabr, AZƏRTAC
Gələn ilin fevral-mart aylarında IELS-nin (Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatı / International Early Learning and Child WellBeing Study) sınaq mərhələsi təşkil olunacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, IELS-yə məktəbəqədərki uşaqlar cəlb edilirlər.
IELS ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradır.
Tədqiqata Bakı və Sumqayıt şəhərləri üzrə 5 yaşlı qrupları olan məktəbəqədər təhsil müəssisələrinin, eləcə də məktəbəhazırlıq qrupları olan ümumi təhsil müəssisələrinin cəlb olunması planlaşdırılıb.
2024-cü ilin fevral ayı ərzində TALIS 2024-ün (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu / Teaching and Learning International Survey) əsas mərhələsi təşkil olunacaq.
Sorğu müəllim və məktəb rəhbərlərinin təhsilə dair yanaşmalarını anlamaq məqsədilə 5 ildən bir keçirilir.
TALIS müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələr aparmağa imkan verir.
2024-cü ilin may-iyun aylarında isə PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq.
PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir təşkil edilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.
Tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə təşkil olunur.
“Məktəblər üçün PISA” tədqiqatında isə ümumi təhsil müəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISA ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verirsə, “Məktəblər üçün PISA” tədqiqatı ölkə üzrə müvafiq ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsil müəssisələri ilə müqayisə aparmağa, həmçinin müəssisənin özünün təhsilverənlərin nəticələri barədə məlumat əldə etməsinə, bununla bağlı tədbirlər görməsinə imkan yaradır.
Qeyd edək ki, sözügedən tədqiqatların ölkəmizdə aparılması Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.