Gələn il Daşkəsəndə “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
Daşkəsən, 24 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsəndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi” məqsədilə sahibkarlarla görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov rayonda arıçılığın inkişafından danışıb. Bildirib ki, arıçılıq qədim zamanlardan daşkəsənlilərin təsərrüfat həyatında əhəmiyyətli yer tutub. Belə ki, Daşkəsən rayonunun coğrafi vəziyyəti, bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Mütəxəssislər tərəfindən “qızıl arı” adlandırılan Qabaqtəpə arı populyasiyası Daşkəsən rayonunun Qabaqtəpə kəndi yaxınlığında formalaşıb. Təəssüf ki, vaxtilə Daşkəsənin şöhrəti olan bu qiymətli arı növü və arıçılıq təsərrüfatları son illər xeyli azalıb. Qabaqtəpə arısı, həm də ondan alınan təbii dağ balı tələbat olan qiymətli ixrac məhsullarıdır.
Bildirilib ki, Daşkəsən rayonunda boz dağ arısının əvvəlki şöhrətini qaytarmaq, arıçılıq ənənəsini yaşatmaq üçün son illər bir sıra tədbirlər həyata keçirilib. Cari ildə “AzerGold” QSC-nin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə Daşkəsən rayonunda “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” uğurla icra olunub. Layihə çərçivəsində arıçılığa dair təlimlər keçirilib, 24 arıçıya tələb olunan ləvazimatlarla tam təchiz edilib. Ümumilikdə 120 arı ailəsi və müvafiq dərman preparatları verilib, həmçinin bu məqsədlə Daşkəsən rayonunun Bayan kəndi ərazisində nektar verən akasiya ağacları əkilib. 2023-cü ildə isə “Daşkəsən: Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi nəzərdə tutulur.
KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə geniş məlumat verib, sahibkarları KOBİA-nın imkanlarından yararlanmağa çağırıb.
Digər çıxış edənlər də öz sahələrinə uyğun Daşkəsəndə arıçılığın inkişafına verə biləcəkləri dəstək imkanlarından söz açıblar.
Arıçı sahibkarlar isə istehsal sahəsində qazandıqları uğurlarla yanaşı, qarşılaşdıqları çətinliklərdən, ehtiyac duyduqları məqamlardan danışıb, fikir mübadiləsi aparıblar. Görüşdə sahibkarları maraqlandıran müxtəlif suallar cavablandırılıb.