Gəmilərdə dezinfeksiya işləri davam etdirilir
Bakı, 11 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Aura”, “Koroğlu”, “Bəstəkar Fikrət Əmirov”, “Qarabağ”, “General Əsədov”, “Gültəkin Əsgərova”, “Qaradağ” gəmilərində, dənizçilərin səfərlərarası istirahət yataqxanası, Mayak uşaq bağçası və Gəmiçiliyin tikilməkdə olan inzibati binasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.