Gənc alimlər elmin kommersiyalaşdırılması barədə məlumatlandırılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov Gənclər və İdman Nazirliyinin və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə sentyabrın 2-dən 8-dək Tovuz Olimpiya İdman Kompleksində gənc alim və mütəxəssislər üçün təşkil edilən düşərgədə təlimçi-məruzəçi kimi çıxış edib.
YTP-dən AZƏRTAC-a bildirilib ki, o, gənclərə “Elmin kommersiyalaşdırılmasının innovasiya prosesində əhəmiyyəti: laboratoriyadan bazara gedən yol” mövzusunda mühazirə oxuyub.
Mühazirədə elmin kommersiyalaşdırılmasının mahiyyəti, tələblər, uğur mexanizmləri, o cümlədən elmdə əldə olunan nəticələrin iqtisadiyyatda tətbiqi yönündəki çətinliklər öz əksini tapıb.
Bünyamin Seyidov innovasiyalar və Azərbaycanda innovasiya siyasəti, məqsəd və vəzifələr, texnologiyaların transferi, innovasiya ekosistemi haqqında fikirlərini paylaşaraq, respublikamızda və dünyada kommersiyalaşdırılma ilə bağlı gedən proseslər barədə məlumat verib. Şöbə müdiri statistik göstəriciləri gənc alim və mütəxəssislərin diqqətinə çatdırıb.
Həmçinin təşəbbüskar və öz ideyalarını reallaşdırmaq istəyən iştirakçılar üçün tövsiyələr səsləndirilib.
Sonda qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.