“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təlimlərə başlanılıb
Bakı, 16 iyun, AZƏRTAC
“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verəcək təlim proqramlarına start verilib.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan bildirilib. İlk təlim “Şəxsi inkişaf və karyera planlaşdırması” mövzusunda Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov tərəfindən keçirilib. Təlimin keçirilməsində əsas məqsəd qızların karyera planlaması mövzusunda məlumatlandırılması, onlara müasir iş axtarışı bacarıqlarının aşılanması olub.
Rəsul Həşimov karyera planlamasının mərhələləri, planlama üsulları və karyera inkişafının addımları barədə ətraflı məlumat verib.
Daha sonra təlim iştirakçılarının öz zəif və güclü cəhətlərini müəyyən etmələri məqsədilə strateji menecmentdə ən effektiv alətlərdən biri olan SWOT (GZİT) təhlili aparılıb.
Tədbir çərçivəsində, həmçinin təlim iştirakçıları ilə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.