Gənc sahibkarlar dünya kubokunda mübarizə aparmaq üçün yarışıblar
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun və BP şirkətinin təşkilatçılığı ilə “Enactus 2020” üzrə virtual yarış keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, yarış “Enactus”un prezidenti Reyçel Jaroş, Fondun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Enactus Azərbaycan”ın ölkə üzrə rəhbəri Faiq Məmmədovun açılış çıxışları ilə başlayıb.
Ötən illərdən fərqli olaraq, ali təhsil müəssisələrinin “Enactus” komandaları hazırladıqları layihələrin təqdimatlarını münsiflər heyəti qarşısında onlayn formatda həyata keçiriblər. Otuzdan çox dövlət və özəl qurumdan olan münsif heyətinin nəzarət etdiyi yarışda 16 komanda gərgin mübarizə aparıb. Liqalardan ibarət yarışın hər mərhələsində seçilərək finala yüksələn dörd komandanın çıxışları “Enactus Azərbaycan”ın idarə heyəti tərəfindən qiymətləndirilib və qalib müəyyənləşdirilib.
Builki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası sentyabrda virtual qaydada keçiriləcək “Enactus” dünya kubokunda və “Enactus-2020” dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. Eləcə də müstəqil ekspertlər tərəfindən seçilən ikinci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin, üçüncü yerin qalibi Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları mükafatlandırılıblar.
Qeyd edək ki, 1975-ci ildə ABŞ-da təsis edilən “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçı toplayaraq, 2 milyondan çox insanın həyatını dəyişib və cəmiyyətə mühüm töhfələr verib. Azərbaycan əsas məqsədi gənclərin nəzəri biliklərinin təcrübədə tətbiqinə dəstək göstərmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, onları sahibkarlıq fəaliyyətinə cəlb etmək, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək vermək olan “Enactus” proqramına 2005-ci ildən qoşulub.