CƏMİYYƏT
Gənc xarici jurnalistlər populyar Çin şousuna tamaşa ediblər VİDEO
Pekin, 6 aprel, Bəhruz Vəliyev, AZƏRTAC
Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdindəki “Çin-Avrasiya” mətbuat mərkəzinin layihəsində iştirak edən 10 ölkənin gənc jurnalisti Pekindəki Qırmızı teatrda “Kunq-fu əfsanəsi” şousuna tamaşa ediblər.
AZƏRTAC xəbər verir ki, “Kunq-fu əfsanəsi” şousu Pekində ən məşhur və populyar tamaşalardan biridir. Bu şouda ucqar məbəddə rahiblərin yanında ustad dərsləri almaq üçün anası tərəfindən tərk edilən gənc rahib Çxun İnin tarixçəsindən bəhs olunur. O, burada həyatın sınaqlarından keçərək mükəmməl insan kimi yetişir. Çxun İ böyük ustad olmazdan əvvəl kunq-fu fəndlərini mənimsəyir, özündə dəyanət aşılayır və məhəbbətini tapır.
Pekindəki Qırmızı teatrın fərqli xüsusiyyəti ondan ibarətdir ki, burada aktyorlar deyil, Şaolin monastırının rahibləri çıxış edirlər. Tamaşalar döyüş sənəti elementlərinin və kunq-fu akrobatikasının göstərilməsi vasitəsilə əhvalatın nəql edilməsindən ibarətdir. Bütün tryukların heç bir sığorta olmadan yerinə yetirilməsi tamaşanı unikal və həyəcanlandırıcı edir.
Şounun bu quruluşu artıq 10 ildir göstərilir və tamaşanın Pekində 2500 dəfədən, həmçinin xarici ölkələrin səhnələrində 3 mindən çox nümayişi olub.