Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini "Heydər Əliyev İli" çərçivəsində icra olunan tədbirlər, təmir edilən məktəblər, dərslik təminatı, təhsilverənlərin müasir tələblərə cavab verməsinin vacibliyi, sertifikatlaşdırma prosesi, innovativ təcrübənin yayılması, icbari təhsilin təmin olunması, əməkhaqqının stimullaşdırılması, innovativ layihələr barədə məlumat verib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hesabatla çıxış edib.
Konfrans müddətində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təhsilverən və təhsilalanlarından ibarət "Birlik" xor kollektivi müxtəlif musiqi nömrələri səsləndirib.
Konfransda 2022-2023-cü tədris ilində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif olunub.