Gəncəbasar bölgəsində Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
27 Sentyabr - Anım Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Gəncə, Göygöl, Goranboy və Naftalanda da ümumşəhər tədbirləri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə şəhər rəhbərliyi başda olmaqla idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri, eləcə də şəhər əhalisi Gəncə Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin əziz xatirəsini anıblar.
Göygöl rayonunda təşkil olunan anım tədbirində Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər sakinləri xiyabana axın edərək, şəhidlərin məzarlarını ziyarət ediblər.
Naftalanda keçirilən tədbirdə əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra ağacəkmə aksiyası keçirilib.
Goranboy rayonunda da Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Respublikanın bütün ərazisində olduğu kimi, Gəncə, Göygöl, Goranboy və Naftalanda da şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə siqnallar verilib.