Gəncədə kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanılıb
Bakı, 2 aprel, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Qoşqar Əliyev tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları Eldəniz adlı tanışı ilə oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib.
Hazırda oğurluq hadisəsini törətməkdə şübhəli bilinən digər şəxsin saxlanılaraq istintaqa təqdim olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.