Gəncədə qanunsuz fəaliyyət göstərən balıq emalı sexi aşkarlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində Zeynal Xəlil küçəsində yerləşən Salmanov Fuad Cəmil oğluna məxsus qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq emalı müəssisəsinə keçirilən reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab vermədiyi, xammalın yuyulmasında istifadə olunan vannaların mütəmadi təmizlənmədiyi, balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Baxış zamanı aşkarlanan 145 kiloqram duzlanıb dincə qoyulmuş, 100 kiloqram istehsala hazır vəziyyətdə saxlanılan və 55 kiloqram istifadəyə yararsız olan balıq məhsulları məhv edilib.