Gəncədə “RehaBus” xidmətinə başlanılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan uşaqlar üçün artıq Gəncə şəhərində də “RehaBus” xidmətinə başlanılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Gəncə şəhərində yaşayan və ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar bu xidmət çərçivəsində reabilitasiya avtobusu ilə həftənin iki günü ödənişsiz şəkildə agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.
“RehaBus” layihəsi əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətlərinin əlçatanlığını artırmaq, onların sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.
Layihəyə ilk dəfə 2022-ci ildə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda başlanıb. Həmin şəhərlərdə və rayonda da əlilliyi olan uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə) reabilitasiya avtobusu ilə Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar.