Gəncədə stasionar postda COVID-19 xəstələri saxlanılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirləri mütəmadi olaraq davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyənləşdirilib.
Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər ərazisinə daxil olmaq istəyən iki nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyənləşdirilib.
Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılıblar.
Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinə göndərilib.