“Gənclər kuboku: Aprel zəfəri” layihəsi icra olunacaq
Bakı, 6 mart, AZƏRTAC
“İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər kuboku: Aprel zəfəri” layihəsi həyata keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərə vətənpərvərlik ruhunun aşılanmasına, Vətənə sağlam və beynəlxalq arenada ölkəmizi təmsil edə bilən gənclərin yetişdirilməsinə töhfə verməkdir. Həmçinin idmanın yeddi növü üzrə komandalar arasında çempionat keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq da layihənin əsas hədəflərindəndir.
“İrəli” İctimai Birliyi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşlərinə həsr olunub. Mart-iyun aylarında icra olunacaq layihə çərçivəsində futbol, voleybol, peynbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, yüngül atletika üzrə yarışlar keçiriləcək. Ümumilikdə layihədə mindən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq, həftə sonları eyni vaxtda keçiriləcək. Layihənin final mərhələsi apreldə keçiriləcək.
Layihə haqqında məlumat verən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov vətənpərvərliyin cəbhədə döyüşməklə yanaşı, beynəlxalq arenada da ölkəmizi uğurla təmsil etmək olduğunu vurğulayaraq deyib: “Son illərdə ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri Azərbaycan gənclərinin idmana maraqlarının artmasıdır. Birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının və digər mötəbər idman tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanda Olimpiya hərəkatının inkişafına mühüm töhfə verib”.
Xatırladaq ki, “İrəli” İctimai Birliyi “Gənclər kuboku” layihəsinin birinci mövsümünü “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə həyata keçirib.