GƏNCLƏR ÖLKƏNİN GƏLƏCƏYİNİ PROQRAMLAŞDIRIRLAR
YUNİSEF-in Bakı nümayəndəliyinin, gənclər və idman, təhsil, iqtisadi inkişaf nazirliklərinin təşkilati dəstəyi ilə fevralın 6-da açılmış konfrans 2015-ci ilədək ölkənin gələcəyinə gənclərin baxışına həsr olunmuşdur. Müxtəlif gənclər komandaları təhsil, səhiyyə, uşaq evlərinin vəziyyəti ilə bağlı proqram planlarını təqdim edəcəklər. Gələcək Qarabağ televiziyasının xəbərlər proqramı konfrans iştirakçılarını xüsusilə riqqətə gətirmişdir. Gənc strateqlərin təqdimatında erməni işğalından azad edilmiş qədim diyarın tərəqqisi nümayiş etdirilmişdir.
Konfransın açılışında təhsil naziri Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı Hana Singer, ombudsman Elmira Süleymanova, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli çıxış etmişlər. Bildirilmişdir ki, konfransda səslənən təkliflər “2006-2015-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın işlənib hazırlanması zamanı nəzərə alınacaqdır.