Gənclər şəhidlərimizin xatirəsini daim ehtiramla yad edirlər
Bakı, 20 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin çağırışına uyğun olaraq yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində dayanmadan çalışan, ehtiyacı olan ailələrin və şəxslərin yardımına çatan gənclər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızı da yaddan çıxarmır, daim onların xatirəsinə dərin ehtiram nümayiş etdirirlər.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənclər karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudedici tədbirlərin sərtləşdirildiyi həftələr ərzində vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını, onların digər gündəlik işlərə vaxt sərf etdiklərini nəzərə alaraq, ölkənin müxtəlif şəhər və rayonlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edirlər.
Xalqımız mövcud olduqca şəhidlərin xatirəsinin əziz tutulacağını, uğrunda canlarını fəda etdikləri vətənin onları unutmayacağını öz fəaliyyətləri ilə sübut edən gənclər məzarlıqlara qulluq edir, şəhid qəbirlərinin ətrafını təmizləyir, ərazini səliqəyə salırlar.
Gənclərin bu nəcib aksiyası da şəhidlərin ailələri tərəfindən rəğbətlə qarşılanır.