Gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq məsələlərinə dair müzakirələr aparılıb
Bakı, 31 avqust, AZƏRTAC
Gənclərin Onlayn Karyera Forumu keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 450 gəncin iştirak etdiyi Forumun məqsədi onların fərdi keyfiyyətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Forumda spikerlər - ADA Universitetinin tələbə xidmətləri və məzun işləri üzrə prorektor müavini Gülnur İsmayıl, “Azersun Holding”in kateqoriya və marketinq direktoru Könül Əliyeva, Fərdi İnkişaf və Test Mərkəzinin direktoru Samir Məmmədov, “İxtisas.az” və “Xaricdə çörək” layihələrinin rəhbəri Toğrul Ələkbər çıxış ediblər.
Forumda “Karyera planlaması zamanı sərbəst ata biləcəyimiz addımlar”, “Korporativ şirkətdə karyera inkişafı”, “Uğurlu karyeranın əlifbası” və “Həyat bir marafon” mövzuları müzakirə olunub.
Onlayn forum zamanı hədiyyəli viktorinalar təşkil olunub.
Forumda, həmçinin gənclərin bu gün aktual problemə çevrilən karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair müzakirələr aparılıb, onlara zəruri bilik və bacarıqlar aşılanıb.
Sonda iştirakçılar sertifikatlarla təltif edilib.