GƏNCLƏRLƏ İŞ ÜZRƏ İCTİMAİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 2 fevral (AZƏRTAC). Azərbaycan Gəncləri günü münasibətilə Gənclər və İdman Nazirliyinin Kollegiyası nəzdində fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilmişdir. 150-dək gənclər təşkilatının nümayəndələrinin iştirak etdiyi tədbirdə gəncləri narahat edən problemləri həll etmək, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və digər məsələlər müzakirə olunmuşdur.
İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov İctimai Şuranın iclasının 1994-cü ildən keçirildiyini söyləyərək, əsas məqsədin bütün sahələrdə çalışan gəncləri birləşdirmək olduğunu söyləmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev 2008-ci ildə gənclər siyasəti sahəsində görülən işləri xatırlatmışdır. Nazir müavini demişdir ki, ötən il prioritet siyasət gənclər arasında vətənpərvərlik ruhunun aşılanması olmuşdur. Gənclərin hərbi xidmətə hazırlamaq məqsədi ilə orta məktəb şagirdləri arasında “Şahin” hərbi-idman oyunları təşkil edilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət - Qarabağa azadlıq” beynəlxalq kampaniyasına başlanmışdır. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum çərçivəsində Gənclər forumu keçirilmişdir.
Ötən il ən böyük tədbirlərdən biri Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya gənclərinin IV məşğulluq sammiti (YES) olmuşdur. Azərbaycan gənclərinin Avropa Birliyi Gənclər Proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə konfranslar təşkil olunmuşdur.
Ölkəmizdə intellektual oyunlar üzrə hərəkatın ildən-ilə genişləndiyini deyən İ.Babayev Azərbaycanın ilk milli oyunu olan “Xəmsə” intellektual oyununun keçirilməsinə başlandığını söyləmişdir.
Gənclərin 2-ci ümumrespublika sərgisində elm, təhsil, regionlarla iş, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, vətənpərvərlik tərbiyəsi, ekologiya, iqtisadiyyat, qaçqın və məcburi köçkünlərin reabilitasiyası, onların cəmiyyətə adaptasiyası, mədəniyyətlərarası əməkdaşlıq sahələrini əhatə edən, bu istiqamətdə görülən işlər nümayiş etdirilmişdir. Ümumiyyətlə, son 5 ildə gənclərlə bağlı 519 tədbir keçirilmiş, bunlardan 65-i beynəlxalq əhəmiyyətli tədbirlər olmuşdur.
Daha sonra 2008-ci ildə fəal olmuş bir qrup gənclər təşkilatının nümayəndələrinə diplomlar təqdim olunmuşdur.
######
![]() |
![]() |

