GENERAL Ç.UOLD: ABŞ ÖZ HƏRBİ BAZALARINI AZƏRBAYCANDA YERLƏŞDİRMƏK NİYYƏTİNDƏ DEYİLDİR
ABŞ-ın Avropa Komandanlığının qərargah rəisinin müavini general Çarlz Uold bildirmişdir ki, səfər zamanı respublika rəhbərliyi ilə konstruktiv görüş keçirilmiş, Amerika-Azərbaycan münasibətlərinə dair məsələlərin geniş dairəsi müzakirə olunmuş, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. O vurğulamışdır ki, səfərin başlıca məqsədlərindən biri ölkələrimiz arasında münasibətlərin inkişafı barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəyi ilə tanış olmaq idi. Hərbi sahədə, habelə qlobal terrorizmlə mübarizədə ikitərəfli strateji əməkdaşlıq məsələləri görüşlərimizin diqqət mərkəzində olmuşdur. Ç.Uold Prezident İlham Əliyevlə görüşdən çox məmnun qaldığını söyləyərək demişdir: “İlham Əliyev dünya məkanının bu hissəsində ən parlaq siyasi şəxsiyyətdir”.
General aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, onun başçılıq etdiyi heyətə Amerika hökumətinin nümayəndələri və ABŞ-ın Avropadakı hərbi dəniz qüvvələrinin komandanı və Alyansın Şimali Avropadakı qüvvələrinin Ali baş komandanı admiral Qreqori C.Conson kimi yüksək vəzifəli hərbçilər, səfirlər Kennes L.Braun, Herriyet Elam-Tomas, Lloyd Hend, Robert Hanter, xanım Jaklin Devis və professor Hardan Ullman daxildirlər.
Ç.Uold vurğulamışdır ki, ABŞ öz hərbi bazalarını daimi əsasda Azərbaycan ərazisində yerləşdirmək niyyətində deyildir. Söhbət yalnız mobil hərbi bölmələrin qısamüddətli missiyalarından gedə bilər. Gündəliyin yeganə məsələsi fəaliyyətimizi əlaqələndirmək üçün ölkələrimizin hərbi bölmələrinin iştirakı ilə təlimlər keçirməkdən ibarətdir.
O, həmçinin bildirmişdir ki, səfər zamanı müdafiə naziri Səfər Əbiyev və müxtəlif siyasi partiyaların liderləri ilə də görüşmüşdür.
Admiral Qreqori C.Conson isə demişdir ki, ABŞ Azərbaycanla hərbi dəniz əməkdaşlığı sahəsində də sıx əlaqələr yaratmaq niyyətindədir. Biz Azərbaycanın hərbi dəniz qüvvələrinin bəzi obyektlərində olduq və gördüklərimizdən razıyıq. Sərmayələrin bir hissəsi respublikanın hərbi infrastrukturunun inkişafına yönəldilməlidir.
Mətbuat konfransında ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak edirdi.