Geoloqlar paleomaqnit məlumatlar əsasında Böyük Qafqazın cənub-şərq yamacını öyrəniblər
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Böyük Qafqazın cənub-şərq hissəsi və onun ətraf regionlarında tektonik hərəkətlərin kinematik parametrləri (yeni paleomaqnit məlumatlar əsasında)” mövzusunda ümumrespublika elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov mövzu üzrə aparılmış tədqiqatların əhəmiyyətindən danışıb. Seminarda bildirilib ki, paleomaqnit tədqiqat metodlarından tektonik məsələlərin həllində geniş istifadə olunur. Bu metodlar qırışıqlıq sahələrinin tektonikası və formalaşması tarixinə aid məsələlərin həllində daha perspektivlidir.
Qeyd olunub ki, Böyük Qafqazın cənub-şərq yamacında yerləşən Lahıc, Vəndam və Sumaqalı, Xocaşen, Xudbarekdağ və Böyük Dəhnə, Göyçay, Türyançay və Girzan, Korgöz, Qaraquş və Qurd qapısı kəsilişlərindən nümunələr götürülüb və paleomaqnit tədqiqatlar aparılıb. Bu kəsilişlərdə blokların hərəkətlərinin kinematik parametrləri öyrənilib. Böyük Qafqazın cənub-şərq yamacının və ətraf regionlarının kəsilişlərində paleomaqnit tədqiqatların nəticələrinin analizi göstərir ki, blokların şərqdən qərbə doğru horizontal hərəkətlərinin sürəti artır. Hərəkətlər Böyük Qafqaza məxsus gərginliyin maksimal qiyməti və geodinamik aktivliklə əlaqədardır. Bu qiymətləndirmə qırışıqlıq deformasiyasının intensivliyi, palçıq vulkanizmi və tektonik yarılmalar faktorlarına əsaslanır. Qonşu regionlar üzrə paleomaqnit məlumatların müqayisəsi Qafqazın tektonik quruluşunun və inkişafının müasir təsvirinə zidd deyil.
Paleomaqnit məlumatlar əsasında öyrənilən ərazinin bloklarının quruluşu təsdiqlənib. Ayrı-ayrı blokların horizontal hərəkətlərinin sürəti müxtəlifdir. Bu da onunla izah edilir ki, yer qabığının ayrı-ayrı hissələrinin toqquşması dağ massivlərin kənarlarının əhəmiyyətli dərəcədə deformasiyasına səbəb olur.