GİMNASTİKA ÜZRƏ 15-Cİ AÇIQ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ 39 İDMANÇI MÜBARİZƏ APARIR
Martın 5-də Olimpiya İdman Kompleksində gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatına start verilmişdir.
Yarışın təntənəli açılış mərasimində dövlət himni səsləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan gimnastları ilə yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstan idmançıları da mübarizə aparırlar.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan gimnastlarının son illər qazandıqları nailiyyətlərdən danışmış, idmançılarımızın həm Avropa, həm də dünya çempionatlarından uğurlu nəticələrlə qayıtdığını söyləmişdir. Bu yarışda iştirakçıların sayının artması isə respublikamızda bədii gimnastikaya artan marağın nəticəsidir.
Ötən ildə Azərbaycanda 36 beynəlxalq turnirin yüksək səviyyədə keçirildiyini deyən İ.İsmayılov vurğulamışdır ki, bu Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bildirilmişdir ki, Pekin Olimpiya Oyunlarına 3 vəsiqə əldə etmiş Azərbaycanın gimnastları, ilk dəfə olaraq bu yarışlarda gimnastikanın bütün növlərində təmsil olunacaqlar.
Çempionatın ilk günündə gimnastlar çoxnövçülük yarışlarnda qüvvələrini sınamışlar. Üç gün davam edəcək yarışlarda 39 idmançı mübarizə aparacaqdır. Turnirdə Azərbaycan 5 komanda ilə təmsil olunmuşdur.
Yarışa martın 7-də yekun vurulacaqdır.
######
