GÖMRÜKÇÜLƏR QAÇAQMALÇILIQLA MÜBARİZƏNİ GÜCLƏNDİRİRLƏR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri də Tovuz gömrükxanasında olmuşdur. Gömrükxana əməkdaşları ilə keçirilmiş müşavirədə dövlətimizin başçısının sahibkarlarla görüşündə qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir. Qaçaqmalçılıqla mübarizə işində ciddi dönüş yaradılması haqqında Komitə rəhbərliyinin tapşırıqları gömrükxana əməkdaşlarının diqqətinə çatdırılmışdır.
Müşavirədən sonra Tovuz gömrükxanasının “Sınıq körpü” postunda Gürcüstandan Azərbaycana gələn “İkarus” markalı SKS–585 və LAZ markalı 10 GT 772 dövlət nömrə nişanlı sərnişin avtobuslarına gömrük nəzarəti həyata keçirilərkən Gürcüstan vətəndaşları Əliyeva Zəminə Vəli qızına, Əlləzov Məcid Əlləz oğluna məxsus 550 kiloqram balığın gömrük nəzarətindən gizlədildiyi aşkar edilmişdir.
Ümumiyyətlə, cari ilin əvvəlindən bəri Tovuz gömrükxanasının əməkdaşları qaçaqmalçılardan 2 ton 125 kiloqram balıq, 379,1 kiloqram kürü müsadirə etmişlər.