İQTİSADİYYAT
Gömrükçülər ünsiyyət qurmaq bacarıqlarını təkmilləşdirir
Bakı, 26 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük əməkdaşları üçün “Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təşkil olunan ixtisasartırma təlimində Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlim Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylər tərəfindən keçirilib.
DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov son dövrdə gömrük orqanları tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb, həmçinin vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə DGK-nın təqdim etdiyi elektron xidmətlər barəsində də söz açıb.
Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirən Akademiya rəisi iştirakçılara təlimdən maksimum faydalanmağı tövsiyə edib.
İştirakçılara ünsiyyətin verbal və qeyri-verbal aspektləri, kommunikativ maneələr və onların aradan qaldırılması yolları, stres və onun idarə edilməsi, konflikt - konfliktin profilaktikası, idarə olunması və konfliktdən yayınma mövzuları barəsində ətraflı məlumat verilib.