Goranboy və Bərdənin kəndləri qazlaşdırılır
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu günədək Gədəbəy rayonunun Düzrəsullu və Yeni Saratovka kəndlərinin qazlaşdırılması üçün 13,3 kilometr (km) qaz xətti çəkilmiş, 577 sayğac quraşdırılmışdır. Tovuz rayonunun Əlimərdanlı kəndinin qaz təchizatının təmin edilməsi üçün 1,6 km, Füzuli rayonunun qazlaşdırılması üçün 11,5 km qaz xətti çəkilmiş, 500 qaz sayğacı quraşdırılmışdır. Ağdam rayonunun Dördyol-1, Dördyol-2 qəsəbələrinin, bir neçə kəndinin qazlaşdırılması işləri aparılmış, son iki ildə 236,1 km qaz xətti çəkilmişdir.
Bu işlərin davamı olaraq Goranboy rayonunun Veysəlli və Meşəli kəndlərinin qaz təchizatı istiqamətində görülən işlər başa çatdırılmışdır. ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 7-də kəndlərə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə İB-nin və Goranboy rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları iştirak etmişlər. Qeyd olunmuşdur ki, ötən müddətdə Veysəlli kəndinin qaz təchizatının bərpası məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 32 min metr olan müxtəlif diametrli polietilen, 6 min metr isə metal borularla qaz xətləri çəkilmiş, 480 qaz sayğacı quraşdırılmışdır. Elə həmin gün rayonun sərhəd kəndlərindən olan Meşəli kəndinə də ilk dəfə olaraq “mavi yanacağ”ın verilişi münasibətilə mərasim keçirilmişdir. Mərasimdə bildirilmişdir ki, Meşəli kəndinin qazlaşdırılması üçün 7,5 km müxtəlif diametrli polietilen, 2 min 600 metr uzunluğunda isə metal borularla qaz xətti çəkilmiş, 100 sayğac quraşdırılmışdır.
Mayın 7-də Bərdə rayonunun Həsənqaya və Saatlı kəndlərinin də təbii qaz təchizatının bərpası münasibətilə tədbir keçirilmişdir. Qeyd olunmuşdur ki, 313 abonenti olan Həsənqaya kəndinin qazla təmin olunması üçün 12 min metr, 133 abonenti olan Saatlı kəndinin “mavi yanacaq”la təmin olunması üçün isə 7 min 239 metr polietilen boru xətti çəkilmişdir. Mərasimlərdə kənd ağsaqqalları və ziyalılar çıxış edərək uzun müddətdən sonra adı çəkilən kəndlərin “mavi yanacaq”la təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.