REGİONLAR
Goranboyda məskunlaşmış xocalılılar rayon mərkəzindən Xocalı soyqırımı abidəsinədək yürüş ediblər
Goranboy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunda xocalılıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, faciənin canlı şahidləri, Milli qəhrəmanlar, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirə rayon mərkəzindən Xocalı soyqırımı abidəsinədək yürüş aksiyası ilə başlanılıb.
Yürüş iştirakçıları abidə önünə gül dəstləri qoyublar.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş qətliam, vandalizm olduğunu bildirib və bu hadisəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.
Sonra rayon Mədəniyyət şöbəsinin aktyorlarının ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi–bədii kompozisiya nümayiş olunub.