GÖRKƏMLİ ALİM VƏ PEDAQOQUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək, professor K. Balakişiyevin elmi-pedaqoji fəaliyyətindən, tibb elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, uzun illər Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) normal anatomiya kafedrasına bacarıqla rəhbərlik edən alim respublikamızda təkcə anatomiyanın deyil, histologiyanın da elmi əsasını qoymuş və onu öz rəhbərliyi altında inkişaf etdirmişdir.
ATU-nun kafedra müdiri, tibb elmləri doktoru Vaqif Şadlinskinin “Professor K. Balakişiyevin həyat və fəaliyyəti” mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Diqqətə çatdırılmışdır ki, tibb elmimizə dəyərli töhfələr verən, 100-ə qədər elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitlərinin, lüğət və terminologiyaların müəllifi olan professor K. Balakişiyev yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə 15 namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.
Professor K. Balakişiyevin elmi istiqamətini, əsasən, vəzilərin morfo-funksional xüsusiyyətlərinin, periferik sinir sisteminin morfogenezinin, sinir kötüklərinin daxili arxitektonikasının, mielinli və mielinsiz sinir liflərinin öyrənilməsi, ayrı-ayrı nahiyələrin innervasiyasının qanunauyğunluqlarının şərhi, ürək-damar sisteminin quruluş xüsusiyyətlərinin tətqiqi, antropoloji tədqiqatlar və s. problemlər təşkil etmişdir. O, bu sahələr üzrə fundamental elmi-tədqiqat işləri aparmış, onların öyrənilməsinin və gələcək perspektivlərinin əsasını qoymuşdur.
Akademik Adilə Namazova və digər natiqlər də alimin elmi nailiyyətlərindən, onun yüksək insani keyfiyyətlərindən bəhs etmiş, xatirəsinin daim əziz tutulacağını vurğulamışlar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.