Göyçay rayonunda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin bölmə rəisi, polis mayoru Qiyas Beybutov rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib, narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb. Qeyd edib ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, eləcə də sağlam həyat tərzinin qorunmasıdır. Q.Beybutov bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edənlər gənclərə narkotik vasitələrdən uzaq olmaları üçün tövsiyələr, dəyərli məsləhətlər veriblər.