GÖYÇAYDA GƏNCLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Göyçay, 2 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında 2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilmişdir.
Rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov, səhiyyə, təhsil və mədəniyyət məsələləri üzrə müavin Rəşxəndə Rəcəbova, gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, ilk dəfə məhz ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə Gənclərin Ümumrespublika Forumunun təşkil edilməsindən və hər il fevralın 2-də Gənclər gününün təntənə ilə keçrilməsindən bəhs etmişlər.
Dahi rəhbər Heydər Əliyevin bu sahədə apardığı uğurlu dövlət siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirən natiqlər bu gün dövlətçiliyimizin qorunmasında gənclərin xüsusi rolunu, onların problemlərinin həlli istiqamətində görülən işləri və Azərbaycan gənclərinin uğurlarını diqqətə çatdırmışlar.
Sonra ayrı-ayrı təşkilatların nümayəndələri gənclərin mükəmməl təhsilə yiyələnməsi, onların sağlamlığının qorunması kimi vacib məsələlərin həmişə dövlətimizin diqqət mərkəzində olduğunu, son illər bu sahədəki problemlərin həlli istiqamətində Gənclər və İdman, Təhsil nazirlikləri, eləcə də çoxsaylı gənclər təşkilatları tərəfindən xeyli işlərin görüldüyünü vurğulamışlar.
Tədbirdə çıxış edən gənclər daimi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət başçısının daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini dönə-dönə qeyd etmişlər.
Sonra təhsildə, səhiyyədə və idmanda, rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə mükafatlar təqdim olunmuşdur.