Göyçayda yaşıllaşdırma aksiyası çərçivəsində 3 min ağac əkilmişdir
Göyçay, 12 mart (AZƏRTAC). Novruz bayramı ərəfəsində Göyçay rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilikdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər, yerli sakinlər iştirak etmişlər. Gün ərzində 3 min ağac əkilmişdir. Rayon yaşıllaşdırma idarəsinin mütəxəssisləri ağacların əkilməsi, onlara qulluq edilməsi barədə iməcilik iştirakçılarını məlumatlandırmışlar. Tinglərin suvarılması və küləkdən qorunması üçün tədbirlər görülmüşdür.
Ağacəkmə kampaniyasında rayon yaşıllaşdırma idarəsinin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. İlin əvvəlindən bu günədək Göyçay şəhərində küçə kənarlarına, park və bağlara, sosial obyektlərin ətrafına, kəndlərdə yolların kənarına ümumilikdə 15 min ədəd müxtəlif növ ağac və gül kolu əkilmişdir.