Güləşçimiz Zaur Əliyev Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 3 iyun, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə 55, 63, 77, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Milli komandamızın üzvü Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Güləşçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdıran ilk güləşçimiz olub.
Güləşçimiz Zaur Nuriyev (63 kq) də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibini cəmi 36 saniyəyə məğlub edib. Ancaq Z.Nuriyev dörddəbir finalda gürcü həmkarına uduzub.
Nəsir Həsənov (77 kq) debütdə Ukraynalı güləşçi ilə qarşılaşıb. Həmyerlimiz 3:0 önə keçsə də, üstünlüyü əldən verərək uduzub.
Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Laçın Vəliyev yarışa inamlı start verib. Yığmamızın üzvü ilk hissədə Finlandiya təmsilçisinə qalib gəlib. Güləşçimiz 1/8 finalda prinsipial qarşılaşmada erməni rəqibinə də heç bir şans tanımayaraq parlaq qələbə qazanıb. Ancaq təmsilçimiz dörddəbir finalda Macarıstan idmançısına müqavimət göstərə bilməyib.
Təmsilçimiz Sərxan Məmmədov (130 kq) da ilk görüşdə ciddi problemlə üzləşməyib. O, Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib. Ancaq S.Məmmədov dörddəbir finalda macar həmkarına məğlub olub.