Gürcüstan hökuməti Anakliya limanı ilə bağlı yeni qərar qəbul edib
Tbilisi, 6 iyul, AZƏRTAC
Gürcüstan hökuməti Anakliya Dərinsulu Dəniz Limanını “Ev sahibi” (Landlord) modelindən istifadə etməklə inşa etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti Anakliya limanını dünyanın ən geniş sınaqdan keçirilmiş “Ev sahibi” modeli ilə tikməklə əsas dəniz və liman infrastrukturunun sahibi olaraq qalacaq, onun inkişafını və idarə olunmasını təmin edəcək. Bu model dövlətə Anakliya limanını əvvəllər planlaşdırıldığı kimi tək bir dövlətlə deyil, eyni anda bir neçə ölkə və şirkətlə tərəfdaşlıqda inkişaf etdirməyə imkan verəcək. Bu da limana yüklərin cəlb edilməsi və müvafiq olaraq onun maksimum səmərəli işləməsi üçün ən yaxşı şərait yaradacaq.
M.Kvrivişvili deyib ki, bu qərarın əsas məqsədi tərəfdaş ölkələrin iştirakı ilə və onların maraqları nəzərə alınmaqla, Anakliya limanını beynəlxalq maraqların, kapitalın və yük axınlarının toplanması üçün mərkəz kimi yaratmaqdır.
“Liman infrastrukturunun yaradılması ilə yanaşı, dövlət Anakliyaya avtomobil və dəmir yolunun çəkilməsini təmin edəcək, konteyner və toplu yük terminallarının təşkili üçün lazım olan investisiyalar isə beynəlxalq investorlar və özəl operatorlar tərəfindən həyata keçiriləcək. Gürcüstan hökuməti xüsusilə Orta Dəhlizdə iştirak edən ölkələrdən - Çin, Orta Asiya ölkələri və Azərbaycandan Anakliya limanına qoyulan investisiyaları alqışlayır. Hökumət tərəfindən qəbul edilən bu vacib qərar ölkənin milli maraqlarını daha da gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və Gürcüstanın Orta Dəhliz layihəsində əsas iştirakçıya çevirəcək”, - deyə nazir bildirib.