Gürcüstan rəsmiləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik ediblər
Tbilisi, 21 mart, AZƏRTAC
Novruz yeni günün, yeni dövrün başlanğıcı deməkdir. Mən bu bayramı qeyd edən bütün azərbaycanlıları təbrik edirəm. Bu bayram baharın gəlişini simvolizə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili martın 21-də Marneulidə jurnalistlərə açıqlamasında söyləyib.
O deyib ki, bu gün, bu bayram qarlı havada qeyd edilsə də, çox maraqlıdır və rəmzi məna daşıyır.
“Mən bayram münasibətilə hamını təbrik edirəm, ailələrə xoşbəxtlik və firavan həyat arzulayıram”, - deyə Papuaşvili vurğulayıb.
Parlamentin regional siyasət komitəsinin sədri Sozar Subari isə jurnalistlərə açıqlamasında deyib: “Bu bayram barəsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində də qeyd olunur. Biz bilirik ki, bu bayram iki min ildən çox tarixə malikdir. Bu ənənə bu gün də davam edir. Novruzu Ukraynada müharibənin getdiyi bir dövrdə bayram edirik. Xalqımıza və bütün dünyaya sülh diləyirəm”.
Tbilisi şəhərinin meri Kaxa Kaladze də azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz yenilənmə, bahar və təbiətin oyanmasını təcəssüm etdirən gözəl bayramdır. Bu bayram etnik və mədəni müxtəlifliyə dəyər verən hər kəsə məxsusdur.
“Tbilisi xalı kimi rəngarəng, müxtəlifliyi ilə zəngin və bənzərsizdir. Dostlarım, həmvətəndaşlarım və həmvətənlərim, sizi xalq bayramı münasibətilə təbrik edir, əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə Kaxa Kaladze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi