DÜNYA
Gürcüstanda cinayət törədənlər arasında yetkinlik yaşına çatmayanların sayı artıb
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Yanvarın birindən avqustun birinədək Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilən yetkinlik yaşına çatmayanların sayı 354 nəfər təşkil edib ki, onların da əksəriyyəti oğurluqda təqsirləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, yaşı 14-18 arasında olan 354 nəfərdən 18-i artıq şərti cəza çəkirdi.
Yetkinlik yaşına çatmayanlar tərəfindən ən çox törədilən cinayətlər sırasında oğurluq, qəsdən sağlamlığa zərər vurma, soyğunçuluq və zorakılıq üstünlük təşkil edib.
Yaşı 18-dən az olan 877 nəfər cinayət qurbanı kimi tanınıb, onlardan 403-ü məişət zorakılığı, 128-i seksual xarakterli cinayətlər, 131-i isə hədə-qorxu ilə üzləşib.
2024-cü ilin yeddi ayında bir azyaşlı öldürülüb, üçü isə intihara cəhdin qurbanı olub.
Gürcüstanda yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı qanuna əsasən, həddi-buluğa çatmayan şəxsin cinayətin qurbanı kimi tanınması proseduru sadələşdirilib. Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər xüsusi nəzarətdədir.
Cinayət məsuliyyətinə cəlb olunma məsələsinə gəlincə, bu, xüsusi qanunvericiliklə tənzimlənir və yetkinlik yaşına çatmış şəxslərə nisbətən daha yüngül cəzaların tətbiqini nəzərdə tutur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi