DÜNYA
Gürcüstanda mindən çox məhbus azadlığa çıxa bilmir
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Gürcüstan prezidenti Salome Zurabişvili artıq 9-cu gündür ki, parlamentin qəbul etdiyi “Amnistiya haqqında” qanunu imzalamır. Həbsxanalarda olan min nəfərdən çox məhbus bu səbəbdən öz azadlığına qovuşa bilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze özünün sosial şəbəkə hesabında yazıb.
“Min nəfərdən çox məhbus 9-cu gündür ki, prezidentin “Amnistiya haqqında” qanunu imzalamasını və istədiyi azadlığı gözləyir. Parlament çoxluğu böyük cəsarətlə bir qanun qəbul edib, lakin o, hələ də icra olunmur. Ona görə ki, xanım prezident sadəcə olaraq, yaxud hansısa naməlum və izahı çətin səbəbdən onu imzalamır. Halbuki minlərlə insanın taleyi və yaxşı gələcəyi bir əl hərəkətindən asılıdır”, – deyə Breqadze vurğulayıb.
Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu var. Əgər prezident qanunu oktyabrın 2-dək imzalamasa və ya əsaslandırılmış şərhlərlə parlamentə qaytarmasa, konstitusiyaya əsasən, parlamentin sədri onu beş gün ərzində imzalayıb dərc edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi