Gürcüstanda saxta pul hazırlayan cinayətkar qrup saxlanılıb
Tbilisi, 15 dekabr, AZƏRTAC
Gürcüstanda saxta pul hazırlayan cinayətkar qrup saxlanılıb. Onların külli miqdarda 1 larilik saxta sikkələr hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxslər indiyədək təxminən 8000 ədəd 1 larilik sikkə dövriyyəyə buraxıblar. Cinayətkarlar hazırlanan pulları sürətli ödəniş aparatları vasitəsilə totalizator hesablarına köçürüb, daha sonra geri çəkməklə, saxta pulların yuyulmasını həyata keçirirlər.
İstintaqla müəyyən olunub ki, cinayətdə təqsirləndirilən şəxslər ev şəraitində xüsusi qəliblər hazırlayaraq xammal kimi qurğuşundan istifadə ediblər. Həmin şəxslərin hazırladığı saxta bir larilik sikkələr ölçüləri, çəkisi və digər parametrlərinə görə Gürcüstan Milli Bank tərəfindən buraxılan sikkələrlə eyni olub.
Faktla bağlı, Cinayət Məcəlləsinin 212-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi