Gürcüstanda yaşayan azərbaycanlılar üçün iftar süfrəsi təşkil olunub
Tbilisi, 15 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Kaspi və Mtsxeta rayonlarının azərbaycanlılar yaşayan kəndlərinin əhalisi üçün ilk dəfə birgə iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Növruzov tədbiri açdıqdan sonra şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra Kaspi bələdiyyəsinin sədri Vaxtanq Mausuradze çıxış edərək ilk dəfə iki bələdiyyənin ərazisində yaşayan azərbaycanlıları bir araya gətirdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq edib. Bildirib ki, bu günədək Mtsxeta və Kaspi rayonlarının kəndlərində kiçik iftar süfrələri təşkil olunurdu. Lakin bu gün ilk dəfədir ki, Azərbaycan səfirliyinin təşəbbüsü ilə hər iki rayonun kəndlərindən 200-dən çox insan üçün iftar süfrəsi təşkil olunub. Bu, azərbaycanlıların milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin təzahürüdür. O qeyd edib ki, tədbirdə azərbaycanlılarla birlikdə gürcülər də iştirak ediblər. Səfirliyin təşəbbüsü ilə iki dost xalqın nümayəndələrinin müsəlmanların müqəddəs Ramazan ayında bir araya gətirilməsi bizim dostluğumuzu əyani sübut edir.
Sonra səfir Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, Azərbaycanda və Gürcüstanda milli-mənəvi dəyərlərə verilən qiymətin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və gürcü xalqları öz milli-mənəvi dəyərlərinə böyük qiymət verirlər. Bugünkü iftar süfrəsində azərbaycanlılarla yanaşı, gürcü xalqının nümayəndələrinin də iştirakı dostluğumuza, dinimizə və milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə verdiyimiz birgə qiymətin bariz nümunəsidir.
Tbilisi