Gürcüstandakı azərbaycanlı gənclər bəyanat yayıblar

Tbilisi, 27 dekabr, AZƏRTAC
Gürcüstandakı azərbaycanlı gənclər erməni separatçıların Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi ərazisində ekologiya və təbii sərvətlərin qanunsuz istismarı ilə əlaqədar bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, sənəddə ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər qətiyyətlə pislənilir, beynəlxalq təşkilatlardan erməni separatizminə son qoyulması tələb olunur.
Bəyanatda deyilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasını dəstəkləyirlər. Bildirilir ki, ermənilərin qanunsuz əməlləri regionda sülhü və sabitliyi pozur, ekoloji gərginliyin yaranmasına səbəb olur.
Sənəddə deyilir: “Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli və mənəvi vətənimiz Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə ekoloji vəziyyətin pisləşməsindən ciddi narahatıq. Belə qənaətə gəldik ki, iqlim dəyişikliyi və su ehtiyatlarının tükənməsi kimi ciddi beynəlxalq narahatlıq doğuran məsələlər fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkarın ardıcıl olaraq ətraf mühitə zərər vuran əməlləri etnik nifrətdən qaynaqlanır. Bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin qeyri-qanuni fəaliyyətə şərait yaratması və sistemli ekoloji terrorizmin qarşısını ala bilməməsi sülhməramlı qüvvələrin komandanlığının bir qrup cinayətkar oliqarxın təsiri altında olmasının göstəricisi hesab edirik”.
Vurğulanır ki, ermənilərin Xankəndidəki qanunsuz əməlləri, təkcə Azərbaycanın deyil, regionun digər dövlətlərinin ekoloji sistemi üçün ciddi problemlər yaradır. BMT və digər beynəlxalq təşkilatlar ermənilərin bu və digər vəhşiliklərinə göz yummamalı, hadisələrə real yanaşmalı və təcavüzkara qarşı ciddi tədbirlər görməlidirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi