Gürcüstanın qərbində baş verən təbii fəlakət nəticəsində 3 nəfər itkin düşüb
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstanın Qərb bölgəsinə yağan güclü leysan yağışları selə və torpaq sürüşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, güclü yağışlar xüsusilə Acarıstan və Quriya bölgələrinə zərər vurub.
Təbii fəlakət nəticəsində evləri su basıb, ağaclar aşıb, torpaq sürüşməsi baş verib. Baş vermiş təbiət hadisəsi zamanı Quriya bölgəsində 3 nəfər itkin düşüb. Onlardan ikisi azyaşlıdır.
Bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Xilasedicilər təbii fəlakət bölgələrində axtarış-xilasetmə tədbirlərinə başlayıblar.
Güclü leysan yağışları nəticəsində beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil magistralında bütün növ avtomobillərin hərəkəti dayandırılıb.
Dolu Gürcüstanın şərqində də ciddi problemlər yaradıb. Azərbaycanla sərhəddə yerləşən Laqodexi rayonuna ciddi ziyan dəyib. Rayonun azərbaycanlılar yaşayan Qabal kəndində Qabal çayının məcrasından çıxması nəticəsində evləri, əkin sahələrini su basıb, bölgədə ciddi problemlər yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi