DÜNYA
GÜRCÜSTANIN SXİNVALİ BÖLGƏSİNDƏKİ GÜRCÜ KƏNDLƏRİNİ QOCALAR VƏ UŞAQLAR TƏRK EDİRLƏR
Prezident Mixail Saakaşvili dövlətin güc strukturlarının hər cür hücuma cavab vermək imkanına malik olduğuna baxmayaraq, ölkənin Gürcüstanın hüdudlarından kənarda hazırlanmış hərbi toqquşmaya cəlb olunması planına yol verilməyəcəyini söyləmişdir. Təhlükəsizlik Şurasının yığıncağı başa çatdıqdan sonra baş nazir Zurab Jvaniya münaqişə bölgəsindəki gürcü kəndlərinə getmiş, yerli sakinlərlə görüşmüşdür. O, əhalini fitnəkarlığa uymamağa çağırmış, heç bir təlaşa ehtiyac olmadığını bildirmişdir. Baş nazirin sözlərinə görə, Gürcüstanın özünü müdafiə etməyə hər cür imkanı vardır və yaxın vaxtlarda vəziyyət qaydaya salınacaqdır. Z.Jvaniya bölgənin Kexvi kəndində gecələmiş, sonra Tamaraşeni kəndinə gedərkən yolda onun maşını atəşə tutulmuşdur.
Avqustun 13-ü osetinlər yaşayan Arabuti kəndi istiqamətindən gürcülərin Eredvi kəndi atəşə tutulmuş, dörd nəfər yaralanmışdır. Son iki gün bölgədə vəziyyətin gərginləşməsi buradakı gürcü kəndlərindən qoca və uşaqların başqa yerə köçürülməsinə səbəb olmuşdur. Qaçqınlarla bağlı bütün xərcləri Gürcüstan hökuməti öz üzərinə götürmüşdür.
Avqustun 13-də Sxinvalidə qarışıq nəzarət komissiyasının iclası planlaşdırılmışdır. İclasda Rusiya Federasiyası və Şimali Osetiyanın da nümayəndələrinin iştirak edəcəyi bildirilir. Gürcüstan tərəfi münaqişə zonasındakı sülhməramlıların beynəlmiləlləşdirilməsini təklif edir.